Prezident İlham Əliyevin iştirak etdiyi “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” mövzusuna həsr olunan 5-ci Antalya Diplomatiya Forumu (ADF2026) sülhə və təhlükəsizliyə böyük töhfə verən tədbirlərdən biridir. Forumun mövzusu daha yaxşı bir gələcək qurmaq üçün problemlərin qabaqcadan görülməsinin və effektiv həll edilməsinin vacibliyini vurğulayır. Mövcud qlobal mühit geosiyasi gərginliklər, dəyişən güc balansı, çoxalan ticarət maneələri və çoxtərəfliliyə qarşı təzyiq fonunda artan qeyri-müəyyənliklə xarakterizə olunur. Bu baxımdan ADF2026-da müzakirəyə çıxarılan mövzular riskləri və imkanları müəyyən etməyi, strategiyalar hazırlamağı və toplanmış bilikləri konkret hərəkətlərə çevirməklə iqtisadi inkişafın vacibliyini vurğulayır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmaları Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynov söyləyib.
O hesab edir ki, həll olunmamış münaqişələrin davam etməsi, dərinləşən qütbləşmə və geniş yayılmış strateji rəqabət bir çox vacib məsələlərin dünya miqyasında insanlara təsir etdiyini göstərir. Buna görə də beynəlxalq əməkdaşlığın, dialoqun və həmrəyliyin gücləndirilməsi üçün bu çətinliklərin öhdəsindən gəlmək və daha inklüziv, ədalətli və effektiv beynəlxalq sistemə doğru irəliləmək çox vacibdir.
“Forum dialoqun təşviqi, etimadı bərpa etmək və daha güclü əməkdaşlığın qurulması üçün mühüm platforma rolunu oynadığını praktiki formada göstərdi. Eyni zamanda, Forum gələcək nəsillər üçün daha dinc, sabit və dayanıqlı bir dünya qurmaq üçün yol xəritəsinin formalaşdırılmasına töhfə verə bilər. Önəmli məqam bundan ibarətdir ki, ADF2026-da sessiyalarda qlobal sistemdə dərinləşən qeyri-müəyyənliklər, transformasiya prosesləri və regional inkişaf meyilləri geniş spektrdə müzakirə olundu. Bununla yanaşı, siyasi, ekoloji, iqtisadi və texnoloji istiqamətlərdə formalaşan əsas gündəm mövzularının forum müzakirələrinin mərkəzində idi.
Builki tədbirdə Cənubi Qafqazdakı son vəziyyət də müzakirə olunacaq mövzular arasında yer alır. Düşünürəm ki, Cənubi Qafqaz artıq münaqişə məkanı deyil, sülh və əməkdaşlıq mərhələsinə daxil olub. Azərbaycan hər zaman olduğu kimi regional və qlobal miqyasda sülhün, sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın davamlı olmasında maraqlıdır. Ona görə də ölkəmiz bu məqsədlərə nail olmaq üçün bütün platformalarda uğurla iştirak edir”,- deyə İ.Hüseynov əlavə edib.
