Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.
O bildirib ki, Prezident Aleksandar Vuçiçin rəhbərlik etdiyi Serbiya öz xarici siyasətində çoxşaxəli balans modelini qoruyur, bir tərəfdən Aİ-yə inteqrasiya kursunu saxlayır, digər tərəfdən isə Moskva ilə münasibətləri tam qırmır. Bu, müəyyən mənada Azərbaycanın da tətbiq etdiyi praqmatik diplomatiya ilə səsləşir. Belə oxşarlıq tərəflər arasında qarşılıqlı anlaşmanı asanlaşdırır və münasibətlərin formal diplomatik çərçivədən çıxaraq daha funksional müstəviyə keçməsinə zəmin yaradır.
Ölkələrimiz arasında, xüsusilə enerji təhlükəsizliyi məsələsi burada diqqət mərkəzindədir. Azərbaycan son illərdə Avropanın enerji xəritəsində mühüm təchizatçıya çevrilib və Balkan regionu bu strategiyada tranzit və istehlak baxımından əhəmiyyətli rol oynayır. Serbiya isə enerji şaxələndirilməsinə ehtiyacı olan ölkələrdən biridir. Bu baxımdan Bakı–Belqrad siyasətində əməkdaşlıq potensialı yalnız siyasi deyil, həm də iqtisadi və geostrateji məna daşıyır.
“Digər mühüm məqam isə postmüharibə dövründə Azərbaycanın diplomatik davranışının model kimi örnək rolunu oynamasıdır. 2020-ci ildən sonra rəsmi Bakı hərbi uğuru beynəlxalq siyasi kapitala çevirmək istiqamətində ardıcıl addımlar atır. Bu kontekstdə müxtəlif regionlarla, o cümlədən Balkan ölkələri ilə əlaqələrin aktivləşdirilməsi Azərbaycanın beynəlxalq sistemdə mövqelərini şaxələndirmək cəhdidir. Serbiya ilə yüksəksəviyyəli təmasların davamlı xarakter alması da bu siyasətin tərkib hissəsi kimi görünür. Eyni zamanda, bu qisim əlaqələrin daxili siyasi kommunikasiya aspekti də nəzərə alınmalıdır. Xarici liderlərlə intensiv əlaqələr ölkə daxilində siyasi legitimliyin möhkəmləndirilməsi və “aktiv diplomatiya” imicinin formalaşdırılması baxımından mühüm rol oynayır. Bu, xüsusilə regional güc statusunu vurğulamaq istəyən dövlətlər üçün xarakterik tendensiyadır”, – deyə politoloq vurğulayıb.
Onun fikrincə, Serbiya və Azərbaycan prezidentlərinin aprelin 19-dakı telefon danışığını yalnız protokol qaydası kimi qiymətləndirmək səthi yanaşma olardı. “Bu, əslində Azərbaycanın çoxvektorlu xarici siyasətinin Balkan istiqamətində davamlılığını, Serbiyanın isə oxşar praqmatik kurs çərçivəsində Bakı ilə əlaqələrə verdiyi önəmi əks etdirir. Hər iki tərəf üçün bu münasibətlər yalnız ikitərəfli əməkdaşlıq deyil, həm də daha geniş geosiyasi konfiqurasiyada manevr imkanlarını artıran alət kimi çıxış edir”, – deyə A.Əliyev deyib.
Politoloq əlavə edib ki, bölgədəki son geosiyasi proseslər, baş verən siyasi, iqtisadi və hərbi paradiqmalar fonunda Azərbaycanın əməkdaşlıq platformasının şaxələndirilməsi strategiyası nəinki bölgə, eyni zamanda, regiondan kənarda yerləşən aktorlar üçün hələ də cəlbedici görünür. Serbiya misalında bu, ehtimal olunan yeni əməkdaşlıq vektorunun işartısı rolunda çıxış edir.
