Avropa bürokratları tez-tez Aİ-nin genişlənmə siyasətindən manipulyasiya vasitəsi kimi istifadə edirlər, lakin bu baş verməməlidir. Trend-in məlumatına görə, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Tbilisidə xorvatiyalı həmkarı Zoran Milanoviçlə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
“Qeyd etmək vacibdir ki, Avropa bürokratlarının tez-tez müraciət etdiyi kimi, Aİ-nin genişlənmə siyasəti manipulyasiya vasitəsi olmamalıdır. Biz bu məsələdə səmimi olmağa çalışacağıq. Biz həmişə cəmiyyətimizə məlumat veririk ki, milli maraqlarımıza əsaslanaraq, Avropa bürokratlarının bizə necə münasibət göstərməsindən asılı olmayaraq, münasibətləri istənilən səviyyədə davam etdirməyə həmişə hazırıq”, – deyə Kavelaşvili bildirib.
Gürcüstan dövlət başçısı həmçinin qeyd edib ki, hazırda Gürcüstan-Aİ münasibətləri bir sıra çətinliklərlə üzləşir. O, əmin olduğunu bildirib ki, konstruktiv və aktiv dialoq bu fikir ayrılıqlarının aradan qaldırılmasına imkan verəcək.
