Müasir siyasi sistemlərdə dövlət hakimiyyətinin dayanıqlılığı təkcə idarəçilik institutlarının mövcudluğu ilə deyil, həm də həmin institutlara və siyasi rəhbərliyə olan ictimai etimadla müəyyən olunur. Siyasi nəzəriyyədə legitimlik anlayışı xalqın dövlət hakimiyyətini qəbul etməsi, onun qəbul etdiyi qərarlara etimad göstərməsi və dövlətin milli maraqları müdafiə etmək qabiliyyətinə inanması ilə sıx bağlıdır. Bu baxımdan ictimai rəy sorğuları cəmiyyətdə formalaşan siyasi münasibətlərin, vətəndaşların dövlət idarəçiliyinə baxışının və hakimiyyətlə xalq arasında mövcud olan etimadın öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevə yüksək etimadın əsas səbəblərindən biri onun dövlət siyasətində milli maraqları prioritet hesab etməsi ilə əlaqəlidir. Hazırkı beynəlxalq münasibətlər sistemində dövlətlərin qarşılaşdığı əsas problemlərdən biri qlobal siyasi və iqtisadi proseslərlə milli maraqlar arasında düzgün balansın qorunmasıdır. Azərbaycanın enerji siyasəti, nəqliyyat layihələri, regional əməkdaşlıq təşəbbüsləri və beynəlxalq təşkilatlarda nümayiş etdirdiyi mövqe göstərir ki, ölkə xarici siyasətini hər hansı güc mərkəzinin təsiri altında deyil, öz milli maraqları çərçivəsində formalaşdıra bilib.
Siyasi elmdə qəbul olunmuş əsas prinsiplərdən biri də odur ki, hakimiyyətin əsas legitimlik mənbəyi xalqdır. Azərbaycan Konstitusiyasında da hakimiyyətin yeganə mənbəyinin xalq olduğu təsbit edilib. Bu prinsip dövlət-vətəndaş münasibətlərinin hüquqi əsasını təşkil edir. Hakimiyyətlə xalq arasında qarşılıqlı etimadın mövcudluğu dövlət idarəçiliyinin səmərəliliyini artırır. Vətəndaşların dövlət rəhbərinin qəbul etdiyi qərarların milli maraqlara xidmət etdiyinə inanması sosial sabitliyi möhkəmləndirir, dövlət institutlarına inamı artırır və milli həmrəyliyi gücləndirir.
“Prezident İlham Əliyevin müxtəlif çıxışlarında dəfələrlə vurğuladığı kimi, həyata keçirilən siyasətin əsas dayağı Azərbaycan xalqının dəstəyidir. Dövlətimizin başçısının regionlara müntəzəm səfərləri, vətəndaşlarla birbaşa ünsiyyəti, sosial layihələrin həyata keçirilməsi və ictimai əhəmiyyət kəsb edən məsələlərə operativ münasibət göstərilməsi xalq-hakimiyyət münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
Tarixdən bizə məlumdur ki, dövlətlərin uğuru, həmçinin onu idarə edən rəhbərin liderlik potensialı ilə də çox bağlıdır. Liderin siyasi iradəsi, strateji baxışı, diplomatik bacarığı və böhran şəraitində düzgün qərarlar qəbul etmək qabiliyyəti də dövlətin inkişafına birbaşa təsir göstərir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, müxtəlif beynəlxalq platformalarda ölkənin maraqlarının müdafiəsi, çoxtərəfli diplomatiyada fəal iştirakı və regional təşəbbüslərin irəli sürülməsi onun liderlik keyfiyyətlərinin siyasi aspektdən qiymətləndirilməsinə əsas verir.
Dövlətin siyasi nüfuzu həm də onun iqtisadi potensialı ilə müəyyən olunur. Güclü iqtisadiyyat olmadan nə müasir ordu qurmaq, nə sosial rifahı yüksəltmək, nə də müstəqil xarici siyasət həyata keçirmək mümkündür. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi dövründə iqtisadi təhlükəsizliyin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsi ictimai etimadın formalaşmasına təsir göstərən mühüm amillərdəndir.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, iqtisadi güc hərbi gücün əsasını təşkil edir. Bu prinsip Azərbaycanın müdafiə siyasətində də öz əksini tapıb. Azərbaycan Silahlı Qüvvələrinin şanlı qələbəsi, maddi-texniki bazasının daha da gücləndirilməsi, müasir silah sistemlərinin alınması və hərbi infrastrukturun yenilənməsi dövlətin müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb”, – deyə Y.Hacızadə vurğulayıb.
Politoloq qeyd edib ki, müasir beynəlxalq münasibətlər sistemi dərin geosiyasi dəyişikliklər dövrünü yaşayır. Dünyanın müxtəlif regionlarında silahlı münaqişələrin, terror təhlükəsinin, transmilli cinayətkarlığın, iqtisadi böhranların və enerji təhlükəsizliyi problemlərinin artması dövlətlərin daxili sabitliyinin qorunması hər bir ölkənin strateji məqsədidir. Belə bir şəraitdə Azərbaycanda ictimai-siyasi sabitliyin qorunması, dövlət institutlarının fasiləsiz fəaliyyəti və milli təhlükəsizliyin təmin olunması vətəndaşların dövlətə olan inamını gücləndirir.
“İctimai etimad təsadüfi və ya qısamüddətli proses nəticəsində formalaşmır. O, uzun illər ərzində həyata keçirilən siyasi, iqtisadi, sosial və təhlükəsizlik siyasətinin cəmiyyət tərəfindən qiymətləndirilməsi nəticəsində yaranır”,- deyə o əlavə edib.
